top of page

Türk Dünyasının İlk Dersliklerinden Biri: HESAB, Tiflis 1884

Türk dünyasının  ilk  dərsliklərindən biri:                                         “HESAB”.    Tiflis,1884


 

Tiflisdə Azərbaycan dilində çap olunan “Ziyayi-Qafqasiyyə” qəzetinin 4 mart 1884-cü il tarixli 2-ci nömrəsinin  ilk səhifəsindəki “Risaleyi-hesabiyyə”(Hesab kitabı-N.N.) başlıqlı kiçik bir xəbər  anadilli ilk dərsliklərimizin  tarixini,məzmununu və  məsələyə o dövrün metodiki yanaşmasını öyrənmək baxımından maraq doğurur. Bu xəbərin müəllifi  qəzetdə açıq şəkildə göstərilməsə də,yazının məzmunundan,üslubundan  və səhifədə  tutduğu yerdən onun “Ziya”nın redaktoru, əsas mühərriri  və sahibi-imtiyazı Səid Əfəndi Ünsizadə tərəfindən yazıldığı aydın şəkildə hiss olunur. Xəbəri olduğu kimi,üslubuna və imlasına müdaxilə etmədən elmi ictimaiyyətin diqqətinə  çatdırırıq:

“Risaleyi-hesabiyyə”

Məzkur isimdə tazə hesab kitabı “Kəşkül”  mətbəəsi ( “Kəşkül” 1883-1891-ci illərdə Tiflisdə Azərbaycan dilində çap olunmuş mətbu orqanın adıdir. Bir neçə nömrəsi jurnal şəklində buraxılsa da ,sonralar qəzet kimi fəaliyyət göstərmiçdir. “Kəşkül” əvvəllər “Ziya” qəzetinin mətbəəsində,sonralar  isə  Cəlaləddin Əfəndi Ünsizadənin öz şəxsi mətbəəsində nəşr olunmuşdur-N.N.)  təb və nəşr eləmişdir ki, bir nüsxəsini biz dəxi almışıq. Xeyli xanə(oxunaqlı-N.N.) xətt ilə basılmışdır. İbarəsi dəxi sadə açıq türkcədir. “Risaleyi-hesabiyyə” müsəlman məktəblərində  şagirdlərə  hesab elmini öyrətmək üçün yazılmışdır. Müqəddimati-hesabiyyə ilə  bir xeyli məsələləri  və qaidələri öyrədir. Qiyməti məktəblər üçün  biri otuz qəpikdəndir. Məzkur  “Kəşkül” qəzetəsinin  bu xidmətindən  təşəkkür edilməlidir”

Bu xəbərin izi ilə arxivləri ələk-fələk eləsək də,  uzun müddət “Hesab” kitabını tapa bilmədik.  Nəhayət, kitabın bəzi mütəxəssislərə məlum olan  yeganə  nüsxəsinin   M.Y.Saltıkov -Şedrin adına Rusiya  Milli Kitabxanasında  saxlandığını öyrəndik. “Hesab” dərsliyinin  mikrofilmi   12 iyun 1963 -cü ildə sifariş verilərək M.F.Axundov  adına Azərbaycan Milli Kitabxanasına gətirilmişdir. “Hesab” dərsliyi haqqında  B.Ağayevin 1964-cü ildə çapdan çıxmış “Azərbaycan sovet məktəbində riyaziyyatın tədris tarixinə  dair” monoqrafik tədqiqatında  qısa şəkildə söz açılmışdır. Dərslik haqqında ilk dəfə bu sətirlərin müəllifi   ayrıca elmi məqalə yazılmış, maraqlı bir əsər haqqında elmi  ictimaiyyət  geniş şəkildə məlumatlandırılmışdır. Dərslik cəmi 28 səhifədir. Mötərizədə “qismi-əvvəl” yazıldığına görə onun  digər hissələrini də axtarmaq arzusu da ortaya şıxır. Lakin hələlik  bu istiqamətdəki axtarışlar nəticəsiz qalmışdır.  Kitabın  üz qabığında müəllifin adı   AXUND CƏLAL kimi göstərilir. Biz bu qənaətdəyik ki, Axund Cəlal   “Ziya”nın redaktoru, vaxtılə  Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olmuş görkəmli maarifçi  Səid Ünsizadənin ortancıl  qardaşı  “Kəşkül” qəzetinin redaktoru  Cəlaləddin Əfəndi Ünsizadədir. Sünni təriqətinə mənsub olan Cəlalın (Cəlaləddinin-N.N.)  “AXUND” kimi  təqdimatı Senzor  Komitəsinin  əməkdaşlarının fikrini yayındırmaq məqsədi daşımışdır. Belə ki, tarixin bu vaxtında  bir sıra bədxah adamlar Ünsizadə qardaşlarının geniş maarifşilik fəaliyyətindən qorxuya düşərək, onları qaralamaq ,hökumətin nəzərindən salmaq fikrinə düşmüşdülər.  Bu  kompaniya sonralar da davam etdirilmiş,Ünsizadə qardaşları  türk dünyasının  o vaxtkı baş şəhərinə-İstanbula köçməli  olmuşlar.Qardaşlar   türk dünyası üşün  çox əhəmiyyətli olan öz maarifçilik fəaliyyətlərini burada da davam etdirmişdilər. Dərslik  “Ziya” mətbəəsi  əsasında yaradılmış “Kəşkül” mətbəəsində təb və nəşr edilmişdir.  Kitabın  nəşr ili üz qabığında  müsəlman təqvimi ilə  1301  göstərilir ki, bu da miladi tarixin 1884-cü ilinə uyğundur. Qeyd edək  ki, “Risaleyi -hesabiyyə”  Ünsizadə qardaşlarının öz şəxsi mətbəələrində çap etdirdikləri  üçüncü dərslikdir. “Risaleyi hesabiyyə” ərəb dilində yazılmış  dərsliklərə uyğun şəkildə  tərtib edilmış, titul səhifəsində onun  “mübtədi müsəlman şagirdlərinə(ibtidai siniflərdə oxuyan Azərbaycan məktəblilərinə-N.N.) məxsus olduğu xüsusilə vurğulanmışdır. Senor Komitəsi dərsliyin nəşrinə 14 yanvar 1884-cü ildə  icazə vermişdir.Deməli, dərsliyin yazılma tarixi  daha əvvəllərə, bəlkə də  Cəlal Əfəndinin  Şamaxıdakı   “Məslis Məktəbind”ndə işlədiyi illərə (1874-1878)  gedib çıxır. Maraqlıdır ki, məşhur şair,Ünsizdələrlə əqidə və məslək dostu olan  S.Ə.Şirvaninin   1878-ci ildə yazıb tamamladığı “Rəbiül-ətfal” (“Uşaqların baharı”) dərsliyi də   Cəlal Əfəndi Ünsizadə ilə birlikdə  “Məclis məktəbi”ndə müəllim işləyərkən  verdiyi dərslər  əsasında  ərsəyə gəlmişdir. Nə isə… C.Ünsizadə “Hesab” dərsliyinin birsəhifəlik  müqəddiməsində  əsərin yazılma səbəblərindən söz açır,əsərin yazılmasında istifadə   etdiyi qaynaqları göstərir:

“Bizim  müsəlman məktəblərində fənni-hesab  təlim olunmayır. Onun səbəbi dilimizdə  mübtədilərə məxsus  bir kitab olmamağıdır.Məəhaza(bununla bərabər-N,N.),elmi-hesaba olan  olan ehtiyacımızı gizlətmək  olmaz.Çünki bizim  övladımız  məktəbdən çıxıb ticarət ilə məşğul olurlar ki, tüccara (tacirlərə-N.N.) da hesabı bilmək zəruridir”.

Müəllif daha sonra yazır: “Bis bu əşkalı  Şeyx  Bəhaəddin  Əleyhirəhmanın (ona rəhmət olsun!) ərəb dilində təlif elədiyi  “Xülaseyi–əlhesab” ilə rəf də bilmərik. O kitabı bizim tələbələrdən  müntəhiləri (bitirənləri-N.N.) həzar məşəqqət ilə öyrənirlər”. Dərslik müəllifi  ana dilində verilən təlimə üstünlük verərək, ürək aörısı ilə yazır:

” Ərəbcə yazılmış olan bir kitabı türkcəyə öz madərzadi (anadangəlmə-N.N.) dilimizə nəql eləmək müşkülmüdür? Fənni-hesabı ərəblər öz dillərinə  gətirdikləri  kimi biz də gətirə gətirə bilərik. Bu mühüm əmrə şüruh  olunmaq ( şərh vermək-N.N.) bizim millət məktəblərinə  nəzarət edən  baş ruhani dairələrinin  ( o vaxtlar  Zaqafqaziya Ruhani İdarələrinə  şeyxülislam Əhməd bəy Hüseynzadə və müfti Hüseyn Əfəndi Qayıbov  rəhbərlik edirdilər-N.N.) borcu  isə də  biz onlara kömək vermək niyyətilə  və millətimiz ətfalının  nəfini mülahizə etməklə işə şüruh edib bir neçə Şərq və Qərb asarından (əsərlərindən) xülasə  bir “Risaleyi-hesabiyyə” dilimizə nəql elədik. Bu niyyət və zəhmətin  bənayi- millətə faidəli olacağınaəminəm”.

Müqəddimənin sonunda adını “Cəlal” (axundsuz-N.N.) kimi  göstərən müəllif  dərsliyi yeni üsulla tərcümə və təlif etdiyıni vurğulayır. Dərslikdə hesab elminə aid  qaydalar, təriflər,metodiki güstərişlərlə yanası,  28  nömrə ilə  27 məsələ  də  verilmişdir. Məsələr bu gün də şagirdlərin riyazi təfəkkürünü inkişaf etdirmək baxımından çox maraqlı görünür.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi, Avropa Azərbaycan Məktəbinin  kafedra müdiri.

Bakı,16 .02.2013-cü il.

Bình luận


bottom of page